REGİONLAR
Balakəndə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Balakən, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Balakən rayonunda 5 mərkəz ayrılıb. Buraxılış imtahanları Balakən şəhərindəki 1, 3 saylı, Mahamalar və Hənifə kənd tam orta məktəblərdə, Texniki-humanitar təmayüllü liseydə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 977 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 97 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 81 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun məlumatına görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.