İQTİSADİYYAT
“Bank VTB” (Azərbaycan) alternativ enerjinin inkişafını dəstəkləyəcək
Bakı, 8 dekabr, AZƏRTAC
“Bank VTB” (Azərbaycan) günəş enerjisinin istehsalı üçün nəzərdə tutulan avadanlıqların alınması üzrə bir sıra iri Hindistan şirkətləri ilə danışıqlar aparıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, günəş panelləri şəxsi istifadə üçün nəzərdə tutulub və alternativ enerji mənbəyi kimi yaşayış evlərində quraşdırıla bilər. Danışıqlar nəticəsində razılıq əldə edilib ki, bank günəş panellərini almaq arzusunda olan əhalini istehlak kreditləri çərçivəsində maliyyələşdirəcək.
“Bank VTB” (Azərbaycan)ın sədri Yuri Yakovlev deyib: “Hindistanda hər bir ev günəş enerjisini istehsal edən avadanlıqla təchiz olunub. Azərbaycanda ildə ən azı 300 günəşli gün olduğu halda, belə ekoloji enerji mənbəyindən istifadə etməmək düzgün olmazdı. Hindistan şirkətlərinin təklif etdiyi sadə və keyfiyyətli avadanlıqların qiyməti 1500 dollardır. Lakin ənənəvi enerjinin sərfiyyatının azaldılması, ailə büdcəsinə qənaət və təbii resursların qorunması baxımdan belə avadanlıqlardan istifadə son dərəcə sərfəlidir”.
Bildirilib ki, layihə maraq doğurduğu və ölkənin müvafiq strukturlar tərəfindən dəstəkləndiyi təqdirdə, Bank VTB (Azərbaycan) avadanlıqların alınmasına birillik istehlak kreditləri ayırmağı nəzərdə tutur.