DÜNYA
Banqladeşdə maska taxmayanları cəzalandırmaq üçün mobil məhkəmələr fəaliyyətə başlayıb
Pekin, 18 noyabr, AZƏRTAC
Banqladeşdə COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində maska taxmayanların yerində cəzalanadırılması üçün mobil məhkəmələr fəaliyyətə başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hökumət bu addımın yoluxma hallarının çoxalmasına qarşı səmərəli olacağını güman edir. Belə ki, pandemiya ilə əlaqədar Banqladeşdə iyul ayından maska taxılması məcburidir. Amma əhalinin çox hissəsi bu qaydaya tabe olmaq istəmir. Mobil məhkəmələr də məhz həmin qaydanı pozanları yerində cərimələmək üçün hüquqi proseduru təmin etmək məqsədi daşıyır. Bu tip məhkəmələr ilk olaraq paytaxt Dəkkənin müxtəlif yerlərində fəaliyyətə başlayıb.
Qeyd edək ki, Banqladeşdə indiyədək 436 min 684 nəfər yeni növ koronavirusa yoluxub, 6254 nəfər bu virus səbəbindən vəfat edib. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar. Tibbi personal onların vəziyyətini telefon və ya internet portalı vasitəsilə nəzarətdə saxlayır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin