MƏDƏNİYYƏT
Bard Sergey Aranoviçin parlaq yaradıcılığı həyat eşqi və romantizmlə doludur
Bakı, 15 dekabr, Ayişə Axundova, AZƏRTAC
O, çoxlarına səbat və səbir örnəyi ola bilər. Bədbəxt hadisə nəticəsində gənc yaşlarında dünya işığından məhrum olmasına baxmayaraq, güclü ruhu, yumor hissi, bitib-tükənməyən enerjisini yaradıcılığında əks etdirməyə can atması sayəsində özünəməxsus həyat eşqini və romantik duyğuları qoruyub saxlaya bilib.
Dekabrın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bakılı bard - öz mahnılarının müəllifi və ifaçısı Sergey Aranoviçin 55 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Konsert Bakının Müəllif Mahnıları Klubu (MMK) tərəfindən təşkil olunub.
MMK-nın prezidenti Cavid İmamverdiyev tədbiri açaraq bildirib ki, gözəl şair və bənzərsiz ifaçı Sergey Aranoviç 1997-ci ildə klubu bərpa edənlərdən biri olub. Onun yaradıcılığı təkcə bard mahnıları janrının bakılı pərəstişkarlarına deyil, həm də ölkəmizin hüdudlarından kənarda yaxşı tanışdır. O, bard yaradıcılığı festivallarının, ədəbi forumların və tədbirlərin fəal iştirakçısıdır.
Sergey Aranoviç müxtəlif mövzularda çoxlu sayda mahnının müəllifidir. Bakı mövzusu onun yaradıcılığında xüsusi yer tutur. O, hədsiz bir məhəbbətlə sevdiyi doğma Bakı barədə təsirli şeirlər və mahnılar yaradıb. Görmə qabiliyyətini itirsə də, gözəlliyi, gündən-günə gözəlləşən paytaxtımızın müasir inkişafını dərindən hiss edir.
Sergey Aranoviçin şerləri dəfələrlə dövri mətbuatda dərc olunub. O, Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Literaturnı Azerbaydjan” jurnalı ilə fəal əməkdaşlıq edir.
Bakının adlı-sanlı bardları - MMK-nın üzvləri Samir Rəcəbov, Andrey Karyavkin, Vitali İqolnikov, German Çernoqorov, Dilarə Yusifova, İbrahim İmaməliyev yubilyarı təbrik edərək onun mahnılarını ifa ediblər. Şairələr Alina Talıbova və Oksana Bulanova öz şeirlərini oxuyublar.
Sergey Aranoviçin qızı Diana “Yesterday” kompozisiyasını və atasının mahnılarından birini ifa edib.
Konsertdə ziyalıların nümayəndələri, ədəbi yaradıcılığın və bard mahnısının pərəstişkarları, tələbələr, jurnalistlər, yubilyarın doğmaları və yaxınları iştirak ediblər.
Mehriban və səmimi şəraitdə keçən yaradıcılıq gecəsi iştirakçıların zövqünü oxşayıb. Onlar hər bir çıxışı alqışlarla qarşılayıblar.