CƏMİYYƏT
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçiriblər
Bakı, 22 sentyabr, AZƏRTAC
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və üç patron aşkarlanaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, bir sandıqça və beş patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Xəyyam Musazadə və Amil Tağıyev barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.