CƏMİYYƏT


Baş Prokurorluq Ermənistanın tarixi-mədəni abidələrimizə vurduğu ziyanla bağlı görülən işlərə dair məlumat yayıb

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb.

Bununla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb.

Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir. Habelə vurulmuş maddi ziyanın müəyyənləşdirilməsi üçün digər dövlət qurumları ilə birlikdə, o cümlədən tarixi və arxeoloji baxımdan dəymiş ziyanın müəyyən edilməsi məqsədilə mütəxəssislər və ekspertlər cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.

Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə yer alan digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcək.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.