CƏMİYYƏT
Baş Prokurorluq və DİN Masallı rayonunda iki nəfərin odlu silahla öldürülməsi barədə birgə məlumat yayıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 1999-cu il təvəllüdlü Alimə Nəbiyevanın və qardaşı 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkarlanması, anaları 1977-ci il təvəllüdlü Zemfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü Sərvan Ağayevin odlu silah yaraları ilə aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, ilkin araşdırmalarla həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədilə oraya gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyevaya, qaynanası Zemfira Nəbiyevaya və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralimin hadisə yerində öldükləri, Zemfira Nəbiyevanın isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi, hadisə yerindən təxminən 2 kilometr kənarda isə Sərvan Ağayevin odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkarlanaraq rаyon mərkəzi xəstəxаnаsınа çаtdırıldığı müəyyən olunub.
Hadisə yerinə baxış zamanı nömrələri silinmiş iki ov tüfəngi, xeyli sаydа patron və boş gilizlər aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilib, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.