CƏMİYYƏT
Baş Prokurorluq və Təhsil Nazirliyi internat məktəbində şagirdin ölməsinə dair birgə məlumat yayıb
Bakı, 16 may, AZƏRTAC
Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, 2015-ci il 10 oktyabr təvəllüdlü daun sindromlu şagird Vəliyeva Svetlana Vüqar qızının mayın 16-da həmin məktəbdə ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat verilib.
Baş Prokurorluğun və Təhsil Nazirliyinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, aparılmış ilkin araşdırma ilə Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırıldığı və ona tibbi yardım göstərilməsinə baxmayaraq, mayın 16-da saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq öldüyü müəyyən edilib.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədənində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkarlanmayıb.
Hazırda araşdırma davam etdirilir.