İQTİSADİYYAT


Baş direktor: TAP-ın TANAP-la birləşməsi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində irəlilədiyimizi göstərir

Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC

TAP-ın TANAP-la birləşməsi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində irəlilədiyimizi göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri boru kəmərlərinin bir-birinə fiziki olaraq qaynaq olunmasını şərh edərkən TAP-ın baş direktoru Luca Schieppati deyib.

“Bu ay irəliyə doğru daha bir addımın atılmasından çox şadam. TAP-ın TANAP-la birləşməsi onu göstərdi ki, biz Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində irəliləyirik və qrafik üzrə 2020-ci ildə Avropaya təbii qazı çatdıracağıq. Bu prosesdə iştirak edən TANAP rəsmilərinə, hökumət və müvafiq qurumların nümayəndələrinə təşəkkürümü bildirirəm”, - deyə L.Schieppati əlavə edib.

Qeyd edək ki, TANAP və TAP boru kəmərlərini bir-birinə birləşdirən “qızıl qaynaq” hər iki şirkətin nümayəndələrinin iştirakı ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində həyata keçirilib.

Xatırladaq ki, bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TAP ilə Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur.

TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır və indiyədək 5,7 milyard dollar xərclənib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.

Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və bu vaxtadək 3,2 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.