DÜNYA
Baş prokurorlar Camal Kaşıkçının qətli ilə bağlı təhqiqatı müzakirə ediblər
Bakı, 29 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının və İstanbulun baş prokurorları Səud əl-Muacib və İrfan Fidan Ədliyyə Nazirliyində jurnalist Camal Kaşıkçının qətli ilə bağlı təhqiqatın gedişini müzakirə ediblər.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Səud əl-Muacib və İrfan Fidan 1 saat 15 dəqiqə davam edən müzakirələrin yekunlarına dair bəyanat verməyiblər. Bundan sonra Səudiyyə Ərəbistanının Baş prokurorunun qətlin baş verdiyi konsulluq binasında yoxlama aparacağı gözlənilir.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.
Cinayət işi ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər saxlanılıb. Onların şəxsiyyəti açıqlanmır.