CƏMİYYƏT
Başlıbel qətliamı ilə əlaqədar videomaterial və infoqrafika hazırlanıb VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 29 il əvvəl Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videomaterialda Başlıbel kənd sakinləri şahidi olduqları faciə haqqında, erməni silahlılarının kənd sakinlərini, o cümlədən qadınları, qocaları və azyaşlıları amansızlıqla qətlə yetirdiyi barədə danışıblar.
İnfoqrafikada isə Başlıbel kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib, eyni zamanda, kəndin işğalı nəticəsində törədilən cinayətlərin statistikası haqqında informasiya yerləşdirilib.
Qeyd edək ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Kəlbəcərin Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət etdikdən sonra tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Ermənistan hərbçiləri aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan şəxslər sığındıqları yerdə öldürülüb.