SİYASƏT


Başqa bəhanə olmayanda...

Başqa bəhanə olmayanda...

 

Berlin, 10 dekabr, AZƏRTAC

Ermənistan Xarici İşlər Nazirliyinin yeni rəhbəri Ara Ayvazyan fransalı həmkarı ilə birgə mətbuat konfransında deyib ki, təyini-müqəddərat hüququ “danışıqlar prinsipinin əsaslarından biri” olub və “hərbi qüvvənin köməyi ilə təyini-müqəddərat hüququ gündəlikdən çıxarıla bilməz”. Daha sonra o, “Qarabağın təyini-müqəddərat hüququnun tanınması məsələsinin həll edilməli olduğunu” bəyan edib.

Ermənistan XİN-in hər yeni rəhbəri özünü növbəti “mütəfəkkir”, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində “nəzəriyyəçi” kimi göstərmək istəyir.

“Hərbi qüvvənin köməyi ilə təyini-müqəddərat hüququ”... Aman Allah, bu nə deməkdir?! Mən heç vaxt belə şey eşitməmişəm. Görəsən, Ayvazyan bunu harada, hansı əsərlərdə oxuyub?! Mən Avropanın iki müxtəlif universitetində təhsil almışam, hər ikisində beynəlxalq münasibətlər nəzəriyyəsi fənnindən imtahan vermişəm, amma tanınmış müəlliflərin heç birindən belə söz eşitməmişəm. Ayvazyanın bir sələfi vardı, illər boyu Ermənistan XİN rəhbərinin müavini vəzifəsini tutub. Bəli, söhbət ixtisasca mikrobioloq-infuzorist olan, yolunu azıb xarici işlər nazirinin müavini kreslosuna gəlib çıxmış Şavarş Koçaryandan gedir. O da beynəlxalq hüquq nəzəriyyəsində “piruetlə üçqat tullanma” hərəkəti etməyi xoşlayırdı. Məsələn, təyini-müqəddərat hüququnun “ilkin olması” tezisi ona məxsusdur. Bu halda ərazi bütövlüyü prinsipi “təyini-müqəddərat hüququnun reallaşdırılması üçün bir vasitə kimi xidmət edir”. And olsun Allaha, bütün dünya alimləri bir yerə toplaşsa, yenə bu “dərin kəlam”ı açıqlaya bilməzlər. Həmin Koçaryan Xankəndiyə gedir və orada universitet tələbələri qarşısında bu mövzuda mühazirələr oxuyurdu. Tələbələr də, aydın məsələdir, ağızlarını açıb, qulaqlarını sallayıb onu dinləyirdilər.

İndi Ayvazyan da öz nəzəri “piruet”lərində Koçaryandan geri qalmamağı qərara alıb.

Qarabağın təyini-müqəddərat hüququnun tanınması məsələsinin həllinin zəruriliyinə gəldikdə, əvvələn, “Qarabağın” yox Qarabağ sakinlərinin hüququndan danışmaq olar (Azərbaycanın bu əyalətinin subyektliyə malik olmamasını nəzərə alsaq, bunlar müxtəlif şeylərdir), ikincisi, bu ərazinin sakinlərinin belə bir hüququ var, bu hüquq tanınıb və növbəti bələdiyyə seçkilərinin gedişində tamamilə reallaşa bilər. Buyursunlar, öz kənd icmalarının rəhbərlərini seçsinlər. Bu, təyini-müqəddərat formalarından biridir. İrəli!

Statusun müəyyən edilməsinə gəldikdə isə, Azərbaycan Prezidenti bu suala bir dəfə cavab verib. Xocalı, Ağdərə, Şuşa, Xocavənd rayonlarının statusu Şəki, Abşeron və digər rayonların statusu kimidir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində ölkə Konstitusiyası qüvvədədir. Ona görə də qoy nə Xankəndidə, nə də Yerevanda heç kəs yalan illüziyalar qurmasın.

Azərbaycanın hər hansı rayonunun statusunda hər hansı dəyişiklik yalnız Konstitusiyaya müvafiq şəkildə baş verir. Heç kəs – nə Hollandiya parlamenti, nə Fransa Senatı, nə də Minsk qrupunun həmsədrləri Bakını öz Konstitusiyasından imtina etməyə məcbur edə bilməz.

Dövlətin bu və ya digər hissəsi həmin dövlətdən ayrıla bilərmi? Nəzəri cəhətdən bu mümkündür. Bu halda bir və bir neçə rayon ayrılmaq arzusu barədə petisiya ilə dövlətin parlamentinə müraciət edir. Əgər parlament həmin müraciəti bəyənərsə, dövlətin sərhədlərinin dəyişdirilməsi məsələsi ümummilli (regional yox, məhz ümummilli) referenduma çıxarılır və yalnız bundan sonra razılaşdırılmış ayrılma barədə danışmaq olar, daha sonra beynəlxalq tanınmadan söhbət gedə bilər.

Keçmiş Dağlıq Qarabağ BÜTÜN dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Burada iki fikir yoxdur və hətta həmsədr dövlətlərin başçıları da bunu açıq bəyan ediblər. Əgər həmin regionun sakinləri statusun dəyişdirilməsini istəyirlərsə, bunun yol xəritəsi yuxarıda göstərilən kimidir. Qoy müraciət etsinlər. Ayrılmaq arzusu barədə müraciət Milli Məclisə təqdim edilməyincə (bu müraciət isə yalnız bələdiyyə seçkilərindən, özü də elə-belə yox, məhz Azərbaycan qanunlarına uyğun şəkildə keçirilmiş QANUNİ bələdiyyə seçkilərindən sonra təqdim edilə bilər), indiki (ümumiyyətlə, artıq müəyyən edilmiş) statusun dəyişməsi məsələsi gündəliyə çıxarılmış hesab edilmir. Hələlik heç kəs bu məsələni qaldırmayıb.

Ara Ayvazyan tamamilə başqa dövlətin xarici işlər naziridir. O, belə bir məsələ qaldıra bilməz. Qoy o, öz işləri ilə məşğul olsun və belə məsləhəti fransalı deputatlara və senatorlara, Hollandiya parlamentarilərinə, Amerika konqresmenlərinə versin. Qeyd etdiyim kimi, öz təyini-müqəddərat limitlərinin genişləndirilməsi məsələsini yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sakinləri irəli sürə bilər. Onlar da bunu orada bələdiyyə seçkiləri keçirilməyincə edə bilməyəcəklər. Həmin seçkilərdən sonra onların Milli Məclisə müraciət etməsi mümkündür. Yeri gəlmişkən, xatirimizdədir ki, 1988-ci ilin fevralında hadisələr məhz bu cür inkişaf etmişdi, Azərbaycan SSR-in DQMV Sovetinin sessiyası bu vilayətin respublikanın tərkibindən çıxması məsələsinə baxılması xahişi ilə Azərbaycan SSR Ali Sovetinə müraciət etmişdi. Azərbaycan SSR Ali Sovetinin bu müraciətə mənfi cavabından sonra Krunk təşkilatının separatçıları eskalasiya xəttini seçməyi və birtərəfli sesessiyaya keçməyi qərara aldılar. Bu, qanun çərçivəsini aşmaq idi. O vaxta qədər hər şey protokol üzrə gedirdi.

Keçmiş DQMV-nin statusu məsələsi indi də ümumiyyətlə, bu məsələyə dəxli olmayan başqa dövlətlər tərəfindən qaldırıla bilməz. Bu barədə yalnız region sakinləri Bakıdakı mərkəzi hakimiyyət orqanlarına müraciət edə bilər. Amma istənilən halda onlar Baydenə, Makrona, Roma Papasına və ya Kim Kardaşyana deyil, Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etməli olacaqlar. Sonrası isə Azərbaycan Konstitusiyasına uyğun şəkildə həll ediləcək. Əslində, Azərbaycan Prezidentinin bu barədə dəfələrlə səsləndirdiyi bəyanatları xatırlasaq, bütün bunların necə başa çatacağını artıq indidən güman etmək olar.

Nəhayət, xatırladaq ki, birtərəfli ayrılma dünyada həmişə beynəlxalq hüquqa zidd hesab edilib (Kosovo istisnadır, bu barədə BMT-nin Beynəlxalq Məhkəməsinin qərarı olub). Bu qayda Qarabağa da aiddir. Hətta 1991-ci il dekabrın 10-da keçirilmiş birtərəfli referendum (yeri gəlmişkən, bu gün həmin hadisənin 29-cu ildönümüdür) ayrılma məsələsinə qanuni don geydirə bilmədi. Sesessiyanı legitimləşdirmək üçün ayrılmaya Bakının razılığını almaq lazım idi. Uzun illər boyu qapalı danışıqların gedişində Azərbaycana həqiqətən güclü təzyiq göstərilirdi ki, respublika rəhbərliyi DQMV-nin ayrılmasına razılıq versin. Azərbaycan Prezidenti öz çıxışlarında bu barədə deyib. Azərbaycana təzyiq göstərənlərin əsas arqumenti Azərbaycanın yeddi rayonunun itirilməsi faktı idi. Yəni bizi reallıqlarla barışmağa məcbur etməyə çalışırdılar, işğal edilmiş yeddi rayonu isə şantaj vasitəsi kimi istifadə edirdilər: “Dağlıq Qarabağın ayrılması ilə barışın, onda bu yeddi rayonu sizə qaytararıq”. Bu, xalis şantaj idi!

Ey həmkarlar, indi reallıqlar dəyişib və onları dəyişən müzəffər Azərbaycan Ordusu olub. İndi sizin əlinizdə bizə qarşı şantaj vasitəsi kimi istifadə edə biləcəyiniz heç nə yoxdur! İndi bizdən Qarabağ üçün statusu tələb etmək yox, xahiş etmək olar.

Cənab Ayvazyan, yadda saxlayın! Artıq heç bir status yoxdur və olmayacaq. Təyini-müqəddərat isə nə qədər istəsəniz. Öz kəndlərinizin kəndxudalarını seçin və işıq dirəklərini hansı rəngə boyanmaq məsələsini özünüz həll edin. Bu da sizin üçün təyini-müqəddərat!

Yeri gəlmişkən, azərbaycanlılar Ermənistanda öz tarixi torpaqlarında yaşayan vaxt siz onlara hətta bu minimal təyini-müqəddərat hüququnu da vermirdiniz.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.