CƏMİYYƏT
Bayılda həddən artıq yüklənmə aşınmaya səbəb olub
Bakı, 17 may, AZƏRTAC
Bayılda baş vermiş sürüşmə nəticəsində üç ev tamamilə dağılıb, 22 evin sakini isə köçürülüb. Sürüşməyə ərazidə çoxsaylı tikililərin olması, yamacın texnogen amillərdən həddən artıq yüklənməsi səbəb olub. Bundan əlavə 50-70 il əvvəl burada aparılmış tikinti səbəbilə yamacın terras şəklində 3-5 metr enində, bəzi yerlərində isə daha çox ölçüdə kəsilməsi də sürüşməyə səbəb olan amillərdəndir. Ərazidə təhlükə davam edir. Müvafiq qurumların nümayəndələri araşdırma aparırlar. Sürüşmə sahəsinə heç kim buraxılmır. Ərazidən keçən kommunal xətlər bağlanılır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
“Ümumiyyətlə Bayıl yamacı daimi gərginliyə malik olan ərazidir. Sürüşmə əvvəlki ərazidə olmayıb. Prosesin baş verdiyi yer Buxta küçəsidir. Burada yarım əsrdən də çox yaşı olan evlər var. Tikililərin divarlarında qabarmalar və çatlar əmələ gəlib. Beton qatının altında, eni təxminən 3-5 santimetr, uzunluğu 50-70 metr olan çatları görmək mümkündür. Daha dəqiq məlumat vermək üçün betonun altındakı torpaq qatında müşahidə aparılmalıdır. Yamacın həddən artıq yüklənməsi nəticəsində aşınma prosesi baş verib və dayanıqlıq itib”,- deyə ekspedisiya rəisi qeyd edib.