CƏMİYYƏT
Bayram günlərində zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzə 121 müraciət daxil olub
Bakı, 27 mart, AZƏRTAC
Qeyri-iş günlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib.
AZƏRTAC Kliniki Tibbi Mərkəzinə istinadla bildirir ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusundan zəhərlənən) həyatını xilas etmək mümkün olmayıb.