REGİONLAR
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
Ağcabədi, 18 mart, AZƏRTAC
Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə Novruz bayramı münasibəti ilə bayram konserti təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rövşən Əhmədov əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələri ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb, tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını diləyiblər.
Sonra xidmətdə fərqlənən əsgərlərə hədiyyələr təqdim edilib.
Hərbi hissənin komandiri bayramı onlarla bir yerdə keçirdiklərinə görə qonaqlara minnətdarlığını bildirib.
Bayram tonqalının ətrafında konsert proqramı ilə davam edən tədbir əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb.