SİYASƏT
Bəhruz Quliyev: Prezident İlham Əliyevin çıxışı Ermənistan rəhbərliyinin terrora dəstək siyasətinə verilən tutarlı cavab idi
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud iclasındakı çıxışı Ermənistan rəhbərliyinin işğalçılıq, təcavüzkar, eləcə də, terrora dəstək siyasətinə verilən tutarlı cavab idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında "Səs" Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistanda faşizmin təbliği və qəhrəmanlaşdırılması bir daha sübut edir ki, bu ölkədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq hər kəs eyni yanlış düşüncəni bölüşür: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Ermənistan hakimiyyətini faşizm ideologiyasını təbliğ etməkdə, İkinci Dünya müharibəsində Hitler Almaniyasına xidmət etmiş Qaregin Njdeyə abidə ucaltmaqda ittiham etdi. Dəfələrlə bildirilib ki, faşist qaniçəninin qəhrəmanlaşdırılması, ona abidənin ucaldılması bütövlükdə İkinci Dünya müharibəsində həlak olan bütün insanların ruhlarına təhqirdir. Maraqlısı da budur ki, Prezident İlham Əliyev bu yöndəki çıxışında onu da xatırladıb ki, Yerevanda erməni faşistinə ucaldılmış abidə əvvəlki hakimiyyətin-Serj Sarkisyan iqtidarının dövründə qoyulub və bu gün Sarkisyanı əvəzləyən Paşinyan hökuməti eyni siyasəti yürüdür. Bu amil sübut edir ki, hətta sabah Paşinyan hakimiyyəti getsə, onu əvəzləyən digər iqtidar bənzər addımlar atacaq. Belə ki, bənzər ideologiya artıq bu dövlətin içinə hopub. Təəssüf ki, bu gün faşizm ideologiyasının təbliğatını aparan Ermənistan eyni müstəvidə Azərbaycana qarşı eyni siyasəti - təcavüzkarlıq, işğalçılıq, terror siyasəti aparır. Dövlətimizin başçısı öz çıxışında əsasən bir xüsusi məqamı nəzərə çatdırdı ki, MDB məkanında, eləcə də dünyada faşizmin qəhrəmanlaşdırılmasına gərək və ehtiyac yoxdur".
Siyasi ekspert vurğulayıb ki, bu gün Ermənistanda yalnız Qaregin Njde cəlladına deyil, digər insanlıq qatillərinə, bəşər cəlladlarına də abidələr ucaldılır ki, bütün bunlar fakt olaraq göz önündədir, çünki həmin Qaregin Njdenin övladları illər sonra Xocalıda soyqırımı törədən terrorçu faşistlər olublar. “Artıq MDB məkanında bu gerçəklik dərk edilməli, Ermənistanın həmin addımları kəskin və qəti şəkildə qınanılmalı, ittiham olunmalıdır. Ümumiyyətlə, Qaregin Njdeyə ucaldılmış abidə götürülməli, faşizmə qarşı mübarizə aparmış insanların ruhları təhqir olunmamalıdır. Düşünürəm ki, məhz Prezident İlham Əliyevin Qaregin Njde cəlladı ilə bağlı əsaslı çıxışını və bəyanatını MDB-nin digər dövlət başçıları da dəstəkləyir və alqışlayır”,- deyə B.Quliyev fikirlərini yekunlaşdırıb.