İDMAN
Belarus batutçusu “SmartScoring” milli brendinin siması seçilib
Bakı, 16 fevral, AZƏRTAC
Batut gimnastikası üzrə Belarus yığmasının üzvü Mariya Makarinskaya “SmartScoring” milli brendinin siması seçilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, M.Makarinskayanın “SmartScoring” şirkətinin siması seçilməsi ilə bağlı qərar gimnastın Bakıda iştirak etdiyi batut gimnastikası və tamblinq üzrə dünya kubokunda verilib.
Gimnastın “SmartScoring” şirkətinin siması seçilməsi gimnastın gənc və perspektivli olması ilə əlaqədardır. Belə ki, gənc gimnast dünya çempionatının sinxron proqramda bürünc medalçısıdır. İstedadlı gimnast, həm də bir beynəlxalq turnir və yarışların qalibi və mükafatçısıdır.
Bundan əvvəl, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvü, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova “SmartScoring” şirkətinin rəsmi səfiri seçilib.
“SmartScoring”in idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərir. Şirkətin fəaliyyətinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan videonəzarət də daxildir.
Şirkət artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində böyük təcrübəyə malikdir. Belə ki, komanda ölkəmizdə təşkil edilmiş batut, idman gimnastikası və bədii gimnastika üzrə dünya kuboku yarışlarını, bədii və aerobika gimnastikası üzrə Avropa çempionatlarını, həmçinin bir sıra milli turnirlərin xallarının hesablanması sistemi və videonəzarət xidməti ilə uğurla təmin edib. Şirkət ölkədən kənarda da uğurla fəaliyyət göstərir. “SmartScoring” komandası Avropa Gimnastika İttifaqının rəsmi tərəfdaşıdır və çoxsaylı Avropa çempionatları, “Minsk-2019” ikinci Avropa Oyunları və bir sıra yarışlarda peşəkar xidmətlər göstərib.