CƏMİYYƏT
Belaruslu gənclər Beynəlxalq gənclər layihəsinin Bakıda keçiriləcək finalında innovativ layihələr təqdim edəcəklər
Bakı, 13 noyabr, AZƏRTAC
Belaruslu gənclər “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin noyabrın 14-15-də Bakıdakı “Crystall Hall”da keçiriləcək finalında innovativ layihələr təqdim edəcəklər. AZƏRTAC xəbər verir ki, bunu BELTA agentliyinə müsahibəsində “Belarus üçün 100 ideya” respublika gənclər müsabiqəsinin əlaqələndiricisi Natalya Stolpinskaya deyib.
Stolpinskaya qeyd edib ki, Bakıda keçiriləcək “MDB üçün 100 ideya” sərgi-təqdimatı MDB məkanında gənclərin əməkdaşlığının möhkəmlənməsi və onların təşəbbüslərinin dəstəklənməsi baxımından əlamətdar hadisədir. Belaruslu gənclər sərgiyə 10 layihə təqdim edəcəklər. Gənclərin həmin təklifləri “Bio-nanosənaye”, “İnformasiya-kommunikasiya və aviakosmik texnologiyalar”, “Tibb, farmasevtika və tibbi texnika”, “Sənaye və inşaat texnologiyaları”, “Aqrar-sənaye texnologiyaları və istehsalat”, “Cəmiyyət, iqtisadiyyat və sosial sahə” mövzularında olacaq.
Qeyd olunub ki, sərgiyə gələn nümayəndələr Belarusun gənc alimləridir. Onlardan bir neçəsi ölkənin Milli Elmlər Akademiyasının əməkdaşlarıdır.
“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsi çərçivəsində müsabiqələr 2014-cü ildən Belarusun təşəbbüsü ilə iki ildən bir keçirilir və MDB-nin Gənclərin İşi Şurası tərəfindən dəstəklənib.