ELM VƏ TƏHSİL
“Bərdə Peşə Liseyinin modernləşdirilməsi” qrant layihəsinin icrasına başlanıb
Bakı, 19 mart, AZƏRTAC
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” qrant layihəsinin icrasına başlanması ilə bağlı görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, layihə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin modernləşdirilməsi” qrant layihəsi çərçivəsində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, Təhsil İnstitutu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Estoniyanın Jarvarmaa Kutshariduskeskuse (JKHK) kənd-təsərrüfatı profilli peşə məktəbi ilə birgə icra edilir.
Görüşdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.
Təqdimatla çıxış edən layihə icraçıları görüləcək işlər barədə iştirakçılara məlumat verib, layihəyə əlavə ediləcək əsas tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsasən Bərdə Peşə Liseyinin maddi texniki bazasının təkmilləşdirilməsi, kadr potensialının artırılması, eləcə də liseyin idarəedilməsinin müasir standartlara uyğun təşkilidir. Layihə çərçivəsində Bərdə Peşə Liseyinin strateji planının hazırlanması, rəhbər və mühəndis-pedaqoji heyətin təlimlərə cəlb olunması, məktəbin büdcədənkənar gəlirlərinin artırılması üçün yeni planın hazırlanması, beynəlxalq standartlara cavab verən yeni təhsil proqramları (kurikulumların) və modul tədris vəsaitlərinin təşkili, eləcə də təhsil müəssisəsinin lazımi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub.
Layihənin icra müddəti 2017-2020-ci illəri əhatə edir.