CƏMİYYƏT
Bərdə rayonunun iki kəndinin əkin sahələrində monitorinqlər həyata keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Bərdə rayonunun Xəsili və Lənbəran kəndində bostan bitkiləri əkilən sahələrdə həyata keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müşahidələr zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız, yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb.
Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Bildirilib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur və bu da insan orqanizmində bəzi fəsadlara gətirib çıxara bilər. Ona görə də aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır.