REGİONLAR
Bərdədə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı uğurla başa çatıb
Bərdə, 12 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin mayın 12-də Bərdə şəhərində keçirdiyi 2019/2020-ci tədris ili üçün I və IV ixtisas qrupları üzrə Azərbaycan ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Bərdə şəhər 5 nömrəli və Ağdam 12 nömrəli (Bərdə şəhərində) tam orta məktəblərində təşkil olunan imtahanda 1167 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan 8 imtahan rəhbəri, 86 nəzarətçi‑müəllim tərəfindən idarə olunub.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. Saat 11-də başlayan imtahan üç saat müddətində aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.