İDMAN
Berni Ekklstoun: Bakı trası yürüşçülərdən müəyyən cəsarət tələb edir
Bakı, 18 iyun, AZƏRTAC
Formula-1 menecmentinin başçısı Berni Ekklstoun jurnalistlərə artıq gələn il çempionatın təqvimindən çıxarıla biləcək bəzi klassik Qran-prilər barədə məlumat verib.
-İtaliya Qran-prisinin Montsada keçirilməsi haqqında müqavilənin müddətinin uzadılması işlərinin necə getdiyini açıqlaya bilərsiniz?
-Biz İtaliya tərəfi ilə bu barədə danışmışıq...
-Razılığa gələ bildinizmi? İrəliləyiş varmı?
-İtaliya Milli Avtomobil İdmanı Federasiyasının bunu dəstəkləməsi üçün müəyyən mənada ona bel bağlamalıyıq. Amma əgər yürüş Montsada keçirilməsə, onlar İmolanı dəstəkləmək istəsələr, buna da razıyıq.
-Amma Montsanın çempionatın təqvimində qalması şansı nə dərəcədə yüksəkdir?
-Hələlik bilmirəm.
-Siz qəti qərar qəbul etməkdən ötrü Montsa üçün son müddət müəyyən etmişiniz?
-Yox, amma onlar bilirlər ki, hansı vaxtadək bu qərarı qəbul etmək lazımdır, çünki söhbət bizim bu yürüşü təqvimə daxil edib-etməyəcəyimizdən gedir.
-Formula-1 yürüşünü qəbul etmək üçün İmolada yetərincə yaxşı tras və infrastruktur varmı?
-Düşünürəm ki, var. Orada irimiqyaslı işlər davam etdirilir.
-Deməli, İtaliyanın bu və ya digər dərəcədə təqvimdə qalması şansı hələ də var?
-Ümidvaram ki, belədir. Amma qərar İtaliya Milli Federasiyasından asılıdır.
-Felipe Massa bir neçə gün əvvəl bildirmişdi ki, Braziliya Qran-prisinin təqvimdən çıxarılmasından ehtiyat edir və bu ehtimal çox yüksəkdir. Səbəb ölkəni bürüyən iqtisadi problemlərlə bağlıdır...
-Düşünürəm ki, o, haqlıdır.
-Hər halda Braziliya yürüşünün təqvimdə qalması ehtimalı nə dərəcədə yüksəkdir?
-Felipe haqlıdır və gələn il yürüş artıq baş tutmaya bilər.
-Braziliya Qran-prisinin təşkilatçıları yürüşün keçirilməsi haqqının azaldılması xahişi ilə sizə müraciət ediblərmi? Bəlkə müddətin uzadılaraq başqa vaxta keçirilməsini müəyyən qərara gəlmək üçün istəyiblər?
-Yox. Yürüşün təşkili ilə məşğul olan adam yaxşı biznesmendir və praktiki kateqoriyalarla düşünür.
-Ötən il Meksikadakı yürüş “uik-endi” günlərində Argentina Qran-prisinin bərpasının mümkünlüyündən danışırdılar. Bu mərhələ Braziliyaya alternativ ola bilərmi?
-Biz daim Argentina tərəfi ilə danışıqlar aparırıq. Yürüşü bu ölkədə keçirə bilərik, amma təklif olunan yerdən razı deyilik. İstəyirik ki, yürüş Buenos-Ayresdə keçirilsin.
-Luis Hamilton dünən deyib ki, onun bəzi rəqibləri təhlükəsizlik ilə bağlı problemlərdən, trasların nahamar olmasından çox şikayətlənirlər. Bu barədə nə düşünürsünüz?
-Düşünürəm ki, o, haqlıdır. Əgər onlar Formula-1-də çıxış etmək istəmirlərsə, bunu etməyə borclu deyillər. Qərar onlarındır. Tras xoşlarına gəlmirsə, qoy evlərinə yollansınlar. Zənnimcə, Bakı trası yürüşçülərdən müəyyən cəsarət tələb edir. Məncə, pit-leyndə girişə yaxınlaşan sürətdən ən çox şikayət edənlərdən biri Niko Rosberq idi. O vaxt demişdim: “Baxın görün, ümumiyyətlə onun maşınında tormoz varmı?” Axı hansı sürətlə gedəcəyi məhz ondan asılıdır.
-Amma Çarli Uaytinq pit-leynə girişin konfiqurasiyasını və nişanların yerini artıq dəyişib.
-Bu yürüşü sınaq yürüşü adlandırmaq olar. Yeni trasda ilk yürüş keçiriləndə biz həmişə nəyin düzgün, nəyin yanlış olmasına baxırıq.