İQTİSADİYYAT
Bərpa olunan enerji mənbələri üzrə aktiv istehlakçı və elmi tədqiqatlara dəstək mexanizmləri hansılardır?
Bakı, 13 iyul, AZƏRTAC
Bərpa olunan enerji mənbələri üzrə aktiv istehlakçı və elmi tədqiqatların dəstəklənməsi mexanizmləri hansılardır?
AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, istehlakçılar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək üçün elektrik stansiyalarını quraşdıra və bu stansiyalar vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini daha sonra əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürə, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilərlər.
Əvəzləşdirmə üçün müəyyənləşdirilmiş hesabat dövrü başa çatdıqdan sonra yaranmış qalıq elektrik enerjisinin dəyəri aşağıdakı şəkildə hesablanır:
- şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda aktiv istehlakçı qalıq elektrik enerjisinin dəyərini özünün aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin təchizatçısına ödəyir;
- şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən az olduqda elektrik enerjisinin təchizatçısı qalıq elektrik enerjisinin dəyərini mövcud topdansatış tarifi ilə istehlakçıya ödəyir.
Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalı və elektrik şəbəkəsinə qoşulmalıdırlar. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində elmi tədqiqatların dəstəklənməsi yeni texnologiyaların, avadanlığın və materialların yaradılması, habelə tətbiqi üzrə innovasiya layihələri çərçivəsində həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində elmi tədqiqatların bu Qanun əsasında dəstəklənməsi aşağıdakı istiqamətlər üzrə həyata keçirilən elmi fəaliyyətlərə tətbiq edilir:
- elmi nailiyyətlərin və yeniliklərin tətbiqi;
- yeni materiallar, texnika və texnologiyaların yaradılması və tətbiqi;
- proqram və layihələrin hazırlanması;
- araşdırma və təkmilləşdirmə fəaliyyəti.