MƏDƏNİYYƏT


Beşinci “Muğam televiziya müsabiqəsi”ndə yeni səslər, yeni avazlar

Bakı, 13 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 16-dan başlayaraq AzTV və “Mədəniyyət” kanalında beşinci “Muğam televiziya müsabiqəsi”nin təqdimatına başlanacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri birbaşa canlı efirdə göstəriləcək. Ənənəvi olaraq builki müsabiqədə də iştirak etmək üçün 20 nəfər gənc ifaçı seçilib. Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə 500 nəfərə yaxın namizəd qatılıb.

Gənc ifaçıların çıxışlarını qiymətləndirəcək münsiflər heyətinin tərkibinə muğam sənətinin mahir biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.

Qeyd edək ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” layihəsini həyata keçirir. 2007-ci ildən bu layihə AzTV vasitəsilə yayımlanır. 2011-ci ildən bəri müsabiqə “Mədəniyyət” kanalında da nümayiş etdirilir.

Ötən illərdə keçirilmiş muğam televiziya müsabiqələrində 101 nəfər gənc iştirak edib və qaliblər Heydər Əliyev Fondu tərəfindən müxtəlif mükafatlara layiq görülüb. 2011-ci ildən isə müsabiqə qalibləri AzTV-nin müxtəlif musiqi kollektivlərinə solist kimi işə qəbul olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.