CƏMİYYƏT
Beyləqan rayonunda hərbi sursatlar aşkarlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Daxili İşlər Nazirliyinin “102-Zəng mərkəzi” xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Daşburun qəsəbəsində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə oktyabrın 23-də baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd 122 millimetrlik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri oktyabrın 24-də də davam etdirilib, nəticədə əlavə olaraq bir ədəd 100 millimetrlik top mərmisi (OF-412) və 26 ədəd boş giliz aşkar olunub. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Oktyabrın 23-24-də keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə üç ədəd partlamamış hərbi sursat və əlli ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi sursatların tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü və 100 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.