REGİONLAR
Beyləqan rayonunun İmamverdilər kəndində yeni tibb məntəqəsi istifadəyə verilib VİDEO
Beyləqan, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində Beyləqan rayonunun İmamverdilər kəndində yeni tibb məntəqəsi inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibb məntəqəsinin açılışında çıxış edənlər Yaponiya Hökumətinin Azərbaycanda bir sıra sosial layihələr reallaşdırdığını bildiriblər. Diqqətə çatdırılıb ki, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin təşəbbüsü və Yaponiya hökumətinin maliyyə dəstəyi ilə gerçəkləşən bu layihənin icrasınadək İmamverdilər kəndində tibb məntəqəsi mövcud deyildi və əhali 1980-ci ildə inşa edilmiş yerli icra hakimiyyəti nümayəndəliyinin binasında ayrılan bir otaqdan tibb məntəqəsi kimi istifadə edirdi. Problemin həlli üçün Yaponiya hökumətinə müraciət əsasında sözügedən kənddə yeni tibb məntəqəsinin inşası üçün qrant yardımı ayrılıb və tibb məntəqəsinin inşası gerçəkləşib. Tibb məntəqəsi 6 otaqdan ibarətdir. Yeni istifadəyə verilən məntəqədən İmamverdilər kəndinin 2300 nəfər əhalisi ilə yanaşı, Vətağa kəndinin 2100 nəfər əhalisi də yararlana biləcək.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi çıxış edərək bildirib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Xüsusən də rayonlarda bu kimi layihələrin həyata keçirilməsinə önəm veririk. İyirmi il ərzində əsasən təhsil və səhiyyə sahəsində 260-a yaxın bu cür layihə həyata keçirilib. O, belə layihələri bundan sonra da reallaşdıracaqlarını vurğulayıb.
Sonra yeni inşa olunan tibb məntəqəsi açılıb, binada yaradılan şəraitə baxış keçirilib.