REGİONLAR


Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır

Bakı, 14 noyabr, AZƏRTAC

Cəbhəyanı bölgədə yerləşən Beyləqan şəhərində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmizləyici qurğuda barmaqlıq və qumtutucular, daxili kommunikasiya sistemləri quraşdırılıb, giriş kollektorunun tikintisi yekunlaşıb. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Beyləqan şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

“Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2012-ci ilin oktyabrında başlanılıb. Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün 6 subartezian quyusu qazılıb. Quyu ərazisində ümumi tutumu 1000 kubmetr olan 2 su anbarı və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,5 kilometr magistral su xətti çəkilib. Şəhər ərazisində mövcud olan 4000 kubmetr tutumlu 2 su anbarı əsaslı təmir olunub. Beyləqan şəhərində 91,6 kilometr içməli su, 89,5 kilometr kanalizasiya şəbəkələri yaradılıb, 4500-dək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Ümumilikdə bu layihədən 25 minədək sakin faydalanıb.

Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Son illər bölgələrdə icra olunan içməli su və kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınıb. “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağdaş, Ağcabədi, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində belə qurğuların tikintisi aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.