CƏMİYYƏT
Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar pulsuz müayinə olunublar
Bakı, 3 dekabr, AZƏRTAC
“Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü ilə dekabrın 3-də Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə tədbir keçirilib.
AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən birgə keçirilən tədbirdə sağlamlıq imkanları məhdud 30-a yaxın uşağın təmənnasız müayinəsi və onların valideynləri üçün məlumat-tematik toplantı təşkil edilib.
Tədbirdə Dövlət Komitəsinin nümayəndələri, səhiyyə üzrə mütəxəssislər, həkimlər, Mərkəzin psixoloqları təqdimatlarla çıxış ediblər.
İştirakçılara maarifləndirici materiallar paylanılıb.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova əvvəlcə qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmələri üçün onlara digər vətəndaşlarla bərabər imkanların yaradılması hər zaman olduğu kimi, bu gün də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
AQUPDK-nın Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti və təklif etdiyi xidmətlər haqqında məlumat verib. O, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının, yaradıcılıq potensialının üzə çıxarılmasının vacibliyini vurğulayıb.
Sonra çıxış edənlər sağlamlıq imkanları məhdud uşaqlarla göstərilən psixoloji və digər xidmətlərin əhəmiyyətini bildiriblər.
Tədbir çərçivəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Anara Quliyeva tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təmənnasız diaqnostik terapiyası aparılıb.
Sonda sağlamlıq imkanları məhdud olan uşaqlara Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanıb.