ELM VƏ TƏHSİL
Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edəcək komandalar müəyyənləşib
Bakı, 14 iyun, AZƏRTAC
Avqustun 4-dən 11-dək Azərbaycanda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub. Azərbaycan bu yarışmada iki komanda ilə təmsil olunacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, birinci komandaya Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə və akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fərhad Əzimov daxildirlər. İkinci komandanın üzvləri isə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Ömərova, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin şagirdi Əziz Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin şagirdi Hüseyn Hacıyev və Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilovdur.
Qeyd edək ki, ölkəmizi bu olimpiadada təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədilə iki seçim imtahanı keçirilib. Seçim imtahanlarına respublika fənn olimpiadalarında informatika fənni üzrə qalib olan şagirdlər dəvət edilib.