MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzi Milli Musiqi Günündə onlayn konsertlər təqdim edir
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzi (BMM) fəaliyyətini hər zaman daha da genişləndirərək beynəlxalq layihələr, konsert tədbirləri, elmi-tədqiqat sahəsində seminar və konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələr və konsertlərlə tamaşaçıların görüşünə gəlir. Mütəmadi olaraq müxtəlif konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM müvəqqəti olaraq onlayn şəkildə öz feysbuk və instaqram səhifəsindəndən tamaşaçılara mədəni xidmət göstərir.
18 sentyabr - Milli Musiqi Günü ərəfəsində BMM -nin “Muğam axşamları” layihəsi çərçivəsində mərkəzin solistlərinin ifalarında konsert proqramı təqdim olunub.
Bu il keçirilən Milli Musiqi Günü və festival bütün xalqımız üçün böyük əhəmiyyətə malikdir. 30 illik həsrətdən sonra ilk dəfə olaraq bu bayram Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada təşkil edilib. Bu çox qürurverici və tarixi bir hadisədir. Həmin gün Şuşada ölməz Üzeyir musiqisi , Azərbaycan notları səslənməklə illərdir həsrətdə olan torpağa bir ruh , bir doğmalıq şölələri çilənib. BMM bütün sənətsevərləri Milli Musiqi Günü münasibətilə təbrik edir.