MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində xanəndə Canəli Əkbərovun xatirə gecəsi keçirilib VİDEO

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Canəli Əkbərovun xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xanəndə Canəli Əkbərovun ifasının lentə alındığı videoya baxıblar.

Əməkdar artist Azad Şükürov bildirib ki, bu təşəbbüs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasının müdiri Xalq artisti Teyyub Aslanov tərəfindən irəli sürülüb: “O zaman Canəli sağ idi. Təəssüf ki, bu tədbir onun sağlığında keçirilmədi. Bir yerdə çalışdığımız, acılı-şirinli günləri keçirdiyimiz insanları unutmamalıyıq. Canəli Əkbərov ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən sənətkarlardan olub”.

Tədbirdə qeyd olunub ki, Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil edib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.

Gecədə Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artistlər Ruzə İbişova və Bəsti Sevdiyeva çıxış edib, “Ay qəşəng Ceyran”, “Bayatı-Şiraz”, “Mahur”, “Şahnaz” təsnifləri, Leyli və Məcnun operasından görüş səhnəsi, Aşıq Qərib operasından “Ayrılıq səhnəsi”nə aid partiyalar ifa olunub.

Qeyd edək ki, Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.