ELM VƏ TƏHSİL
Beynəlxalq Muğam Mərkəzinin tədqiqatçısı Hüseyn Cavidin ev-muzeyində
Bakı, 9 yanvar, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzindən (BMM) korifey muğam ustalarının tədqiqatçısı Gülhüseyn Kazımlı Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyində olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, məqsəd muzey tərəfindən 2011-ci ildə 13 cilddə çap etdirilmiş “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” kitabında yer alan nadir materiallardan istifadə etmək olub.
Görüşdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı kitab haqqında məlumat verərək bildirib ki, vəsaitdə Ərtoğrul Cavidin topladığı, lakin vəfatı ilə əlaqədar sona çatdıra bilmədiyi Azərbaycanın xalq musiqisinə, muğamlarına və dastanlara aid məlumatlar əksini tapıb.
G.Babaxanlı nəşrdə, həmçinin Hacı Hüsü, Cabbar Qaryağdıoğlu və Cəlil Bağdadbəyov kimi xanəndələrə dair maraqlı faktların əks olunduğunu söyləyib.
G.Kazımlı Hacı Hüsü haqqında danışıb və BMM-də xanəndəyə həsr olunacaq bədii gecədə muzeyin materiallarından istifadə ediləcəyini diqqətə çatdırıb.