CƏMİYYƏT
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Anım Günü ilə bağlı dəyirmi masa təşkil edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 27 Sentyabr - Anım Günü ilə bağlı dəyirmi masa təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev son sərhəd toqquşmalarına toxunaraq, baş verən hadisələrin tarixinə nəzər salmalı olduğumuzu bir daha göstərdiyini deyib. Bəzi qrupların münaqişə bitsə də, bu itkilərin hansı səbəbdən baş verməsinə dair suallarla çıxış etdiklərini bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında olduğunu diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri qeyd edib: “44 günlük müharibə nəticəsində biz münaqişənin bitdiyini deyirik. Aydındır ki, problemlər bitməyib. Toqquşmalar baş verib və biz itkilər vermişik. Lakin prinsipial olaraq Azərbaycan mövqeyini belə formalaşdırıb ki, biz münaqişə zamanı olan gündəliyə qayıtmırıq. Müharibədən əvvəl gündəlik Minsk qrupu çərçivəsində gedirdi və “Madrid prinsipləri” adlı sənəd hazırlanmışdı, Azərbaycan faktiki olaraq sənədi qəbul etmişdi. Lakin yekunda Ermənistan bu prinsiplərdən imtina etdi. “Madrid prinsipləri”ndə qondarma “Dağlıq Qarabağ” və referendum məsələsi qeyd olunub. Bu, müharibədən əvvəlki gündəlikdir. Biz münaqişəni bitmiş hesab edirik və yeni gündəlik üzərində çalışırıq”.
Fərid Şəfiyev əlavə edib ki, hazırda danışıqlar 4 istiqamətdə - sülh sazişi, delimitasiya, dəhlizlərin açılması və humanitar məsələlər istiqamətində aparılır. O, həmçinin bildirib ki, beyin mərkəzləri fəaliyyətini iki əsas istiqamətdə aparmalıdır. Birinci istiqamət hadisələrin, əslində, necə baş verməsini izah etməlidir. İkincisi isə Azərbaycan ətrafında baş verən mürəkkəb prosesləri, təhdidləri təhlil etməlidir.
BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi nəticəsində Azərbaycanın böyük Zəfərə imza atdığını deyib. O, müharibəyə gedən yolda baş vermiş hadisələri xatırladaraq 28 il ərzində Minsk qrupunun münaqişənin həllində uğursuz vasitəçilik həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanda baş nazir olduqdan sonra Azərbaycanda münaqişənin həlli ilə bağlı ümidlər yaranmışdı və Paşinyanın səsləndirdiyi mesajlar da bir müddət bunu deməyə əsas verirdi. Lakin Paşinyan seçkiqabağı vədləri yerinə yetirə bilmədiyi üçün sonradan Qarabağ kartından istifadə etdi və bir sıra, o cümlədən silahlı təxribatlara əl atdı. Bütün bunlar Azərbaycan xalqının səbrini tükəndirməyə bilməzdi və Ordumuz sentyabrın 27-də əks-hücum əməliyyatları həyata keçirdi. Diqqətə çatdırılıb ki, Azərbaycan təkcə iqtisadi və siyasi zəfər əldə etmədi, həm də xalq vahid millət kimi birləşdi.
BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli 44 günlük müharibənin hərbi, siyasi, strateji və mənəvi nəticələr doğurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, müharibədən sonra regionda yeni mərhələ başlayıb və yeni geosiyasi reallıqlar sülh prosesinə də əhəmiyyətli təsir göstərib. Ekspert bildirib ki, Azərbaycanın mövqeyi 4 əsas prinsip üzrə razılıq əldə olunacağı təqdirdə, regionda davamlı sülhə nail olmağın mümkünlüyündən ibarətdir. Lakin o, Ermənistanın qeyd olunan prinsiplərə adekvat cavab vermədiyini və nəticədə silahlı toqquşmaların baş verdiyini əlavə edib. M.Məmmədli Ermənistana siyasi, silah yardımı edən və ümumilikdə problemlərə susqun yanaşan havadarların olmasının bu prosesi ləngitdiyini vurğulayıb.
Dəyirmi masa müzakirələrlə davam edib.