SİYASƏT


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti saxta məlumat yayan İsveç jurnalistini ifşa edib

Stokholm, 25 sentyabr, AZƏRTAC

İsveçin “Blankspot” nəşrində dərc edilmiş “Dağlıq Qarabağda müharibədən sonra su qıtlığı” sərlövhəli məqaləyə cavab olaraq Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun məqaləsi çap olunub.

AZƏRTAC xəbər verir ki, “Xeyr, su qıtlığını Azərbaycan yaratmayıb” sərlövhəli cavab məqaləsində Vasif Hüseynov İsveç jurnalisti Rasmus Kanbeki qeyri-obyektivlikdə və yalan informasiya yaymaqda təqsirləndirir.

Azərbaycanlı ekspert Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün tarixindən, bu təcavüz nəticəsində bir milyona yaxın insanın öz evlərini tərk etməyə məcbur olmasından, ölkənin beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizinin uzun müddət işğal altında qalmasından söhbət açaraq vurğulayır ki, Ermənistan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə etinasızlıq göstərib, bu səbəbdən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın davam etmiş danışıqlar səmərəsiz olub.

Məqalədə qeyd olunur ki, danışıqlar prosesinin imitasiya olmasını 2020-ci ilin noyabr ayında Azərbaycan özünün işğal altında olan ərazilərini 44 günlük müharibədə azad edəndən sonra Ermənistanın indiki baş naziri Nikol Paşinyan da etiraf edib. Paşinyan 2020-ci il noyabrın 16-da Ermənistan parlamentində çıxışında deyib: “1998-ci ildən bəri danışıqlar prosesində yalnız bir mövzu olub: ərazilər Azərbaycana verilməlidir. Ermənistan tərəfinin siyasəti bu prosesi ləngitməkdən ibarət idi”.

Vasif Hüseynovun məqaləsində deyilir ki, erməni işğalı və humanitar böhran nəticəsində məcburi yerdəyişmə 1990-cı illərin əvvəlindən bəri Azərbaycanın üzləşdiyi yeganə ciddi problem deyildi. Beynəlxalq birliyin bu faciəyə göz yumması və ya təcavüzün qurbanının deyil, təcavüzkarın tərəfini tutması səbəbindən Azərbaycan üçün və onun xalqı üçün vəziyyət daha da kəskinləşib. 1998-ci ildə İsveç alimi Svante E. Kornell “Yaxın Şərq araşdırmaları” jurnalı üçün yazdığı məqalədə bu vəziyyəti belə təsvir etmişdi: “Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq onun dünya birliyi tərəfindən real şəkildə və ya sözdə aldığı dəstək cüzi olub”. Svante E. Kornell qeyd edir ki, beynəlxalq təşkilatlar da, iri dövlətlər də erməni təcavüzündən əziyyət çəkmiş azərbaycanlıların səsini eşitməkdən imtina ediblər.

Vasif Hüseynov yazır ki, son 20 ildə Azərbaycan ermənipərəst beynəlxalq KİV və bəzi siyasi qüvvələr tərəfindən bu cür ədalətsizliyə və dezinformasiyaya qarşı mübarizə üçün çox səy göstərib. Rasmus Kanbekin yazdığı “Dağlıq Qarabağda müharibədən sonra su qıtlığı” sərlövhəli məqalə isə problemə Azərbaycanın baxışına etinasızlıq göstərən və hadisələri dezinformasiya əsasında təsvir edən belə materiallardan biridir.

Azərbaycanın Dağlıq Qarabağı guya qəsdən sudan məhrum etməsi barədə ittihamların əsassız olması qeyd olunan məqalədə deyilir: “Cənab Kanbek özünə əziyyət verib ətraflı araşdırma aparmır və həm Ermənistanda, həm də Azərbaycanda milyonlara insan üçün bu ağrılı məsələnin o biri tərəfini görmür. Mən deyərdim, cənab Kanbek faktlar barədə bilərəkdən susur. Normal araşdırılma aparılsa, görünərdi ki, Qarabağda su qıtlığının azərbaycanlıların əməlləri deyil, yağış yağmamasının nəticəsi olduğunu orada hakimiyyətdə olmuş yerli ermənilər də dəfələrlə etiraf ediblər”.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişəsini həll edilmiş sayır. Rəsmi Bakı dəfələrlə Ermənistanın hakimiyyət orqanlarına müraciət edərək sülh müqaviləsi imzalamağa, bir-birinin beynəlxalq miqyasda tanınmış ərazilərini qarşılıqlı tanımağa və beləliklə, iki ölkə arasında bütün döyüş əməliyyatlarına son qoymağa çağırıb.

Məqalənin sonunda qeyd edilir ki, beynəlxalq birlik və kütləvi informasiya vasitələri tərəfləri bu istiqamətdə irəliləyişə təşviq etməlidirlər, çünki tarix göstərir ki, iki xalq arasında sülhün alternativi humanitar faciələrdir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.