CƏMİYYƏT
Beynəlxalq Pediatriya Dərnəyi ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 6 aprel, AZƏRTAC
Beynəlxalq Pediatriya Dərnəyinin sədri, professor Ənvər Həsənoğlu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərnəyin rəhbəri Azərbaycan Tibb Universiteti ilə müştərək layihələr icra etmək arzusunda olduğunu və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətini bildirib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonağa ölkəmizdə pediatriya sahəsindəki vəziyyət və universitetdə bu sahədə aparılan tədris işləri barədə məlumat verib. O, Beynəlxalq Pediatriya Dərnəyi ilə əlaqələrin gücləndirilməsi sahəsində birgə layihələrin icrası barədə danışıb.
Görüşdə Beynəlxalq Pediatriya Dərnəyinin bu ilin sentyabrında Bakıda konqres təşkil etməsi ilə bağlı müzakirələr aparılıb və bu məqsədlə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsinə dair razılıq əldə olunub.