CƏMİYYƏT


Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Bakı, 13 may, AZƏRTAC

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) mayın 14-16-da Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib. O, Azərbaycanda aparılan siyasətin mərkəzində insan amilinin dayandığını qeyd edib, güclü sosial siyasətə malik ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial təminatın gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Nazir əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, yeni yaradılan DOST Agentliyi və ilk DOST mərkəzi, DOST konsepsiyasının mahiyyət və məqsədləri haqqında BSTA-nın baş katibini məlumatlandırıb.

Sosial təminat sahəsində aparılan islahatlar kontekstində Azərbaycanın BSTA ilə fəal əməkdaşlığından bəhs edən S.Babayev ötən dövrdə ölkəmizin bu təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini deyib. O, Avropa Regional Forumunun Avropa ölkələrində sosial təminat sistemlərinin inkişafı ilə bağlı birgə müzakirə və təcrübə mübadilələrin aparılmasında xüsusi önəmliyini qeyd edib. Nazir forumun Azərbaycanda keçirilməsi barədə BSTA-nın qərarından, həmçinin BSTA-nın “Avropa üçün Yaxşı Təcrübə 2019” müsabiqəsində ölkəmizdən də bir sıra mühüm sosial proqramların xüsusi mükafat və təltiflərə layiq görülməsindən məmnunluğunu bildirib.

M.A.R.Kaetano Azərbaycanda olduğu bu qısa müddətdə ölkəmiz haqqında xoş təəssüratlara malik olduğunu deyib. O, ölkəmizin milli sosial təminat sistemində aparılan islahatlarda BSTA ilə geniş müstəvidə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BSTA arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, pensiya islahatında dəstək, praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.