REGİONLAR


Beynəlxalq Teatr Festivalının dördüncü günü üç tamaşa təqdim olunub

Lənkəran, 5 iyun, Bağır Əliyev, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalının dördüncü günü balaca tamaşaçılara üç tamaşa təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Dövlət Kukla Teatrının təqdim etdiyi “Xeyir və Şər” tamaşasının quruluşçu rejissoru Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. Nizami Gəncəvinin eyni adlı əsərinin motivləri əsasında hazırlanan bu səhnə əsəri iki aktyor - Orxan Əminov, Nuru Mustafayev və 4 kukla obrazın pantomim ifası ilə nümayiş olunub. Obrazlar xeyir və şərin simvolu olan ağ və qara rənglərdə təsvir edilib.

“Kimsə xeyir və şəri hər hansı konkret obrazda təsvir edə bilməzdi. Biz də düşündük ki, simvolik obrazlardan istifadə edək”, - deyə tamaşanın rəssamı bildirib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi Beynəlxalq Teatr Festivalında repertuarındakı sevimli tamaşalardan olan “Cırtdan” ilə təmsil olunub. Lənkəranlı teatrsevərlərə təqdim edilən tamaşa bundan öncə bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunaraq mükafatlara layiq görülüb.

Şair-dramaturq Mirmehdi Seyidzadənin eyni adlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur. Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa ediblər.

Festivalın dördüncü günü Gürcüstandan dəvət olunmuş Azad Teatrı “Bu nağıl ağlı başdan alır”(müəllif N.Ptuşkina) tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Maya Doborcqinidze, musiqi tərtibatçısı Toma Atanelişvili, işıq üzrə rəssamı Natalya Manaqadzedir.

Hər üç kollektivə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.