DÜNYA
Beynəlxalq Valyuta Fondu: ABŞ-ın vergi sistemi həddən artıq mürəkkəbdir
Bakı, 28 iyul, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-ın vergi sistemini hərtərəfli islahata çağırır. Bu çağırışın başlıca məqsədi bütövlükdə sistemin sadələşdirilməsidir.
BVF-nin illik hesabatına əsasən, hazırda ABŞ-ın vergi sistemi həddən artıq mürəkkəbdir, bəzi vergilərin dərəcələri ifrat yuxarı, baza isə son dərəcə aşağıdır. Həddən ziyadə istisnalar var, eləcə də öhdəlikləri aşağı salmaq məqsədilə vergidən yayınmağın çoxlu mexanizmləri mövcuddur.
Fondun ekspertləri hesab edirlər ki, 35 faiz dərəcə ilə mənfəət vergisinin nisbətən yüksək olması bir sıra digər xüsusiyyətlərlə bərabər, investisiyaların qoyuluşuna da mane olur və vergidən yayınmaq üçün əlverişli şərait yaradır. Fond mənfəət üçün korporativ vergi dərəcəsinin 25-28 faizə qədər aşağı salınmasını təklif edir.
BVF-nin mövqeyinə görə, sağlam vergi rəqabətini qoruyub saxlamaq üçün bu verginin dərəcəsi OECD ölkələrində qəbul edilmiş orta dərəcədən – 25 faizdən az olmamalıdır.