REGİONLAR
Beynəlxalq “Yay məktəbi”nin iştirakçıları Quba ilə tanış olublar VİDEO
Quba, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq “Yay məktəbi”nin iştirakçıları iyulun 25-də Qubaya gəliblər.
AZƏRTAC xəbər verir ki, 8 xarici və 7 yerli universiteti təmsil edən tələbələrin Quba ilə tanışlığı mədəniyyət və istirahət parkından başlayıb. “Yay məktəbi”nin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Sonra Quba Rayon İcra Hakimiyyətində olan tələbələrə rayonun tarixi, mədəniyyəti, adət-ənənələri və burada yaşayan azsaylı xalqlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə mövcuddur. Dağ yəhudiləri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Daha sonra Heydər Əliyev Mərkəzində multikulturalizm və tolerantlıq mövzusunda tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və “Bakı şəhəri dağ yəhudiləri dini icması”nın sədri Milix Yevdayev tələbələr qarşısında mühazirə ilə çıxış ediblər.
“Yay məktəbi”nin iştirakçıları səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi, dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə, eləcə də digər tarixi və görməli yerlərlə də tanış olublar.
Qarşıdakı günlərdə tələbələrin Qusar və Xaçmaza da səfərləri nəzərdə tutulub.