İQTİSADİYYAT


Beynəlxalq forumda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışılıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində VI Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə regionun aparıcı nəqliyyat-logistika şirkətlərinin, nəqliyyat strukturlarının nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirib ki, forumun sessiyalarında çıxış edənlər beynəlxalq nəqliyyat dəhlizləri, Qara dəniz – Xəzər regionunun tranzit imkanları, transkontinental marşrutlar barədə məlumat veriblər. Türkiyənin konteynerlərlə yükdaşımalarda dəniz və quru qovşağı kimi roluna, Türkiyədən keçən yeni transkontinental dəmiryolu marşrutları, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində TRACECA və Xəzər limanlarının rolu məsələsinə toxunulub. Həmçinin səmərəli dəmiryolu xidmətlərinin, nəqliyyat-logistika infrastrukturunun yaradılması, tariflər mövzusunda fikir mübadiləsi aparılıb.

Pandemiya şəraitində Avropa ilə Asiya arasında dəmiryolu ilə yükdaşımaların rolunun artması xüsusi qeyd edilib.

Forumun işində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin nümayəndələri də iştirak edirlər. Şirkətin direktoru Natiq Cəfərov forumda “Avrasiya dəmiryolu yük dəhlizlərinin kəsişməsi. Azərbaycanın dəmir yolu şəbəkəsi ilə yeni tranzit imkanlar” mövzusunda çıxış edib. N.Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, onların imkanları barədə forum iştirakçılarına məlumat verib. Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artırılması istiqamətində görülən işlərdən danışıb. Həmçinin Rusiyanın Uzaq Şərq limanlarından istifadə edilərək Asiya–Sakit okean regionu ölkələrindən Azərbaycandan tranzit keçməklə, Türkiyə və Avropaya yük daşımalarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə toxunub. Yeni logistik məhsul kimi konteynerlərin Çinin Qaşqar şəhərindən Türkmənbaşı limanına, oradan fider gəmiləri vasitəsilə Bakıya, daha sonra BTQ ilə Türkiyə və Avropaya çatdırılması, həmçinin Gürcüstanın Poti və Ukraynanın Odessa limanları arasında fəaliyyət göstərəcək fider gəmiləri ilə konteyner daşımalarının əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.