REGİONLAR
Beynəlxalq ictimaiyyət azərbaycanlı uşaqlara qarşı insanlığa sığmayan əməllərə hələ də lazımi qiymət verməyib
Ağcabədidə Qarabağ Regional Uşaq Forumu keçirilib
Ağcabədi, 21 noyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uşaqlar da qətlə yetirilib, əsir götürülüb, doğma yurdlarından didərgin salınıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi tərəfindən Ağcabədidə keçirilən Qarabağ Regional Uşaq Forumunda ətraflı danışılıb.
Ağcabədi rayonunun təhsil işçilərinin, məktəblilərin, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş, habelə qaçqın və məcburi köçkün uşaqların iştirak etdiyi tədbirdə Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək, forumun əhəmiyyətini vurğulayıb, Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı ağlagəlməz zorakılıqlar edilib, amansızlıqla və işgəncələrlə öldürülüb, onların gözü qarşısında valideynləri qətlə yetirilib, əlil olublar. Bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi qiymət verilməyib.
Rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili qrupunun inspektoru Taleh Abbasov, Ombudsman Aparatının regional ofisinin rəhbəri Pərviz Məmmədov, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri çıxış edərək, uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirdə Mərkəzin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin uşaqlarının ifasında uşaq hüquqları ilə bağlı səhnəciklər nümayiş olunub.