SİYASƏT
Beynəlxalq müşahidəçilər: Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirildi VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirildi.
AZƏRTAC xəbər verir ki, bu fikir noyabrın 1-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında beynəlxalq müşahidəçilər tərəfindən səsləndirilib.
Amerikalı müşahidəçi Ceyson Kats Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etməkdən məmnun olduğunu bildirib. O deyib: “Seçkilərin təşkilatçılığı məni heyran etdi. Eyni zamanda, seçki prosesi çox xoşuma gəldi. Məntəqə üzvləri çox yüksək səviyyədə təlim keçiblər. Seçki məntəqələrinin yaxınlığında hüquq mühafizə orqanlarının əməkdaşlarını görmədim. Bu, çox yaxşı haldır. Səsvermə prosesini əvvəldən axıradək izlədik. Məntəqə üzvləri vətəndaşlara səsvermə prosesi zamanı yaxından kömək edirdilər. Barmaqların yoxlanması təqdirəlayiq haldır. Bu, insanların təkrar səs verməsinin qarşısını alır. Ümumilikdə, deyə bilərəm ki, bu seçkilər ABŞ-dakı seçkilərdən də yüksək səviyyədə təşkil edilmişdi.
İsrailli ekspert Arye Qut qeyd edib ki, ilk dəfədir Azərbaycanda parlament seçkilərini müşahidə edir.
O deyib: “Seçkilər şəffaf keçirildi. ABŞ-dan olan mütəxəssislər də qeyd etdilər ki, bu cür demokratik seçkilər digər ölkələr üçün də nümunə ola bilər. Vətəndaşlar sərbəst şəkildə seçkilərdə iştirak etdilər. Azərbaycan ona qarşı olan təzyiqlərə baxmayaraq, bu seçkiləri yüksək səviyyədə keçirdi. ABŞ-da və Avropada olan bəzi dairələr Azərbaycanın yürütdüyü siyasəti anlamır. Azərbaycan öz uğurlu siyasətini davam etdirməlidir”.
Arye Qut bildirib ki, bu seçkilər Azərbaycanın demokratik inkişafı istiqamətində atılmış bir addımdır. “İnsanların seçkilərdə nə qədər maraqlı olduğunu müşahidə etdik. Siyasi partiyaların nümayəndələri ilə danışdıq, onlar da seçkilərin gedişindən razı olduqlarını bildirdilər”, - deyə ekspert əlavə edib.
Bir neçə seçki məntəqəsində müşahidə apardığını bildirən almaniyalı müstəqil jurnalist Rainer Şubert heç bir ciddi qanun pozuntusuna rast gəlmədiklərini vurğulayıb.
İsrailin Birinci radiosunun baş redaktoru Vlad Zernitskiy bildirib ki, seçki prosesi tam demokratik və şəffaf keçdi. Seçicilər sərbəst şəkildə seçkilərə gəlir və səsvermədə iştirak edərək vətəndaşlıq hüquqlarından istifadə edirdilər.