ELM VƏ TƏHSİL
Beynəlxalq seminarda əqli mülkiyyət sahəsindә ölkəmizdə aparılan son islahatlardan danışılıb
Bakı, 3 dekabr, AZƏRTAC
Moskvada Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti və Federal Sənaye Mülkiyyəti İnstitutu tərəfindən texnologiya və innovasiyalara dəstək mərkəzləri (TİDM) üçün seminar təşkil olunub. Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin müşaviri Emin Zeynalov təmsil edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, seminarda ÜƏMT-nin TİDM proqramı, Rusiyada texnologiya və innovasiyalara dəstək sahəsində görülən işlər, “SCOPUS”/”ScienceDirect” məlumat bazası, əqli mülkiyyət sahəsində kadrların hazırlanması üçün tədris proqramları, məktəblərdə müəlliflik hüququ və patent hüququnun tədrisi, əqli mülkiyyət fəaliyyətinin nəticələrinin istifadə olunmasının praktik aspektləri, əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması perspektivlərinin qiymətləndirilməsi və s. məsələlər haqqında məruzələr dinlənilib, sahibkarların texnoloji və elmi layihələrinə, həmçinin gənc ixtiraçılara dəstək məsələləri ətrafında “dəyirmi masa” keçirilib.
Seminar çərçivəsində müzakirələr zamanı E.Zeynalov ölkəmizdə əqli mülkiyyət sahəsində aparılan son institusional islahatlar, o cümlədən texnologiyaların transferi və əqli mülkiyyətin kommresiyalaşdırılmasına dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.