CƏMİYYƏT
Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMT-nin saytında dərc edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının saytında təşkilatın İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinə Azərbaycana dair təklif edilən iki sənəd yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sənədlərin müəllifləri Cenevrədə yerləşən, BMT-də akkreditə olunmuş qeyri-hökumət təşkilatları olan Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitut (Institut International pour les Droits et le Développement – İRDG) və Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutudur (Global Institute for Water, Environment and Health – GIWEH). Beynəlxalq təşkilatlar İnsan Hüquqları üzrə Şuranı və dünya birliyini piyadalar əleyhinə mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təsir göstərməyə, transsərhəd suların çirkləndirilməsinin inkişafa əngəl olduğuna diqqəti cəlb etməklə Azərbaycan ərazisindən keçən Oxçuçayda yaranmış fəlakətli ekoloji durumun qarşısının alınmasına və nəzarət mexanizminin yaradılmasına çağırıblar.
İRDG hesab edir ki, piyadalar əleyhinə mina xəritələrini yaratmaqla Ermənistan özü xəritələrin kütləvi tətbiqi siyasəti ilə bağlı çoxdan inkar etdiyi faktları etiraf edib. Diqqətə çatdırılıb ki, indiyədək Ermənistanın təhvil verdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz təşkil edib. Mina partlayışlarının davam etməsi günahsız insanların həlak olması və yaralanması ilə nəticələnir, Azərbaycan hökumətinin bölgədə yenidənqurma və bərpa işlərini aparmasına ciddi şəkildə mane olur.
İRDG beynəlxalq ictimaiyyəti günahsız insanların 30 illik həsrətdən sonra təhlükəsiz şəkildə öz evlərinə dönmələri üçün Ermənistandan bütün mina xəritələrini təhvil verməyi tələb etməyə çağırıb.
GIWEH isə təhlükəsiz suya çıxışın bütün insanların layiqli və sağlam həyat tərzi yaşamaları üçün fundamental tələbat və insan haqları olduğunu vurğulayıb. Azərbaycanın Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın çirkləndirilməsini Qarabağın ekologiyası üçün təhdid adlandırılıb. Bildirilib ki, təşkilat 2021-ci ilin yanvar–mart ayları ərzində Oxçuçayın Zəngilan rayonundan keçən müxtəlif hissələrindən alınan su nümunələrini analiz edib və bu proses çay hövzəsində çirklənmə səviyyəsinin kritik olduğunu sübut edib.
GIWEH bununla çayın və onun ekosisteminin məruz qaldığı ekoloji risklər haqqında ictimaiyyətin məlumatlılığını artırmaq, İnsan Hüquqları üzrə Şuranın və beynəlxalq birliyin diqqətini Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. “Su çirkliliyi və tullantıların idarə edilməsi dünyanın bir çox yerində kritik problemə çevrilməkdədir. Beynəlxalq birlik çirklənmənin qarşısının alınması üçün tədbirlər görməli və nəzarət mexanizmi hazırlamalıdır”, - deyə sənəddə bildirilib.