REGİONLAR
Biləsuvar və Neftçalada bayram tonqalı qalanıb
Biləsuvar, Neftçala, 20 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda ruzi, bərəkət rəmzi olan, özündə milli dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruzun gəlişi təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səməni və xonçalarla bəzədilən Heydər Əliyev parkında rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi, idmançıların nümunəvi çıxışları, məktəblilərin əl işləri, Novruzun xarakterik atribut və ənənələri, milli mətbəximizin nümunələri tədbirinin rəngarəngliyini daha da artırıb.
Kütləvi gəzintidən sonra rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Bütün sahələrdə böyük uğurlar əldə edən biləsuvarlılar bu il də bayramı ruh yüksəkliyi və xoş ovqatla qarşılayır deyən icra başçısı bildirib ki, gözəl adət-ənənələrimizi özündə əks etdirən Novruzun bu gün dövlət səviyyəsində qeyd olunması müstəqilliyimizin və ən əsası Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə göstərdiyi qayğının nəticəsidir.
Mədəni irsimizin, milli dəyərlərin dünya çatdırılması ilə bağlı ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bayram şənliyində xüsusi ilə vurğulanıb.
Bayram tonqalının qalanması, baharın gəlişini xarakterizə edən digər adətlərin canlandırılması iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bahar qızın bayram təbriki, Kosa və Keçəlin maraqlı oyunları hər kəsdə xoş ovqat oyadıb. Şənlik baharı vəsf edən nəğmələr, rəqs qruplarının ifaları, rayon bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatıb.
X X X
Novruzun gəlişi Neftçalada da sevinclə qarşılanıb. Şəhərdəki Bulvar kompleksində Novruzun gəlişi münasibətilə ümumrayon şənliyi keçirilib.
Tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri və yüzlərlə neftçalalı iştirak edib.
Burada nümayiş olunan əl işləri, qədim el bayramının atributları, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb.
Şənlikdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev sakinləri təbrik edib və Novruzun tarixinə qısa nəzər salıb.
Qeyd olunub ki, xalqımız bu bayramı həmişə əziz tutub və bütün çətinliklərə baxmayaq onu yüksək səviyyədə qeyd edib.
Meydanda bayram tonqalı qalandıqdan sonra Dədə Qorqud və Bahar qız da bayram şənliyinə qatılıb. Kosa və Keçəlin oyunları, bahara həsr olunan maraqlı konsert proqramı alqışlarla qarşılanıb.