CƏMİYYƏT
Biləsuvarda “Azadlığa gedən yol” mövzusunda kompozisiya müsabiqəsi keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Biləsuvar Rayon Gənclər və İdman İdarəsi 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Azadlığa gedən yol” mövzusunda kompozisiya müsabiqəsi təşkil edib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd faciə haqqında yeniyetmə və gənclərin məlumatlandırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhidlərin xatirəsinin yad olunması və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarənin baş məsləhətçisi Mülazim Rzayev bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət idi. Mərkəzi hökumətə arxalanan ermənilərin Dağlıq Qarabağa qarşı təcavüzünə etiraz edən dinc əhaliyə yönəldilmiş silahlı basqın nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. Bununla da totalitar sovet rejimi cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Müsabiqədə doqquz ümumtəhsil məktəbinin hazırladığı kompozisiya nümayiş etdirilib. Münsiflər heyətinin qərarı ilə şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin kompozisiyası qalib elan edilib. Sonrakı yerləri Amankənd və Bağbanlar kənd tam orta məktəblərinin şagirdləri tutublar.
Qaliblərə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.