REGİONLAR
Biləsuvarda “Sosial Müdafiə Akademiyası” layihəsinin təqdimatı keçirilib
Biləsuvar, 22 yanvar, Mahir Babayev, AZƏRTAC
Yanvarın 22-də Biləsuvar şəhərindəki Gənclər Evində Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin qalib olduğu "Sosial Müdafiə Akademiyası" layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin təqdimat mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov, təhsil şöbəsinin nümayəndəsi Elsevər Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin nümayəndəsi Vüsal Cəbrayılov, Biləsuvar Peşə Liseyinin şagirdləri və sosial müdafiəyə ehtiyacı olan gənclər layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.
Çıxışlarda qeyd olunub ki, “Sosial Müdafiə Akademiyası” layihəsi Azərbaycan Respublikasının “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sоsial müdafiəsi haqqında” Qanununun icrası məqsədilə Biləsuvar və Salyan rayonlarında fiziki məhdudiyyətli uşaq, yeniyetmə və gənclər, eyni zamanda, əmək qabiliyyəti yaşına çatmış əhali qrupu arasında peşə hazırlığı, təhsillə bağlı müxtəlif təşəbbüslərin stimullaşdırılması, onların reabilitasiyası, işə düzəlmə, sosial müavinətlərdən asılılığı azaldan və müstəqilliyi təşviq edən tədbirlərin həyata keçirilməsinə xidmət edəcək. Layihə çərçivəsində Salyan və Biləsuvar rayonlarında xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili, peşə hazırlığının artırılması, onların potensiallarının üzə çıxarılması və sosial müdafiəsi üçün geniş tədbirlər planı həyata keçiriləcək.
Sonra layihə ilə bağlı slayd nümayiş etdirilib, təlimçi Bəhruz Nəbili iştirakçılara layihə barədə ətraflı məlumat verib, sualları cavablandırıb.