REGİONLAR
Biləsuvarda tibbi maska ilə bağlı tələbləri pozanlar cərimələniblər
Biləsuvar, 20 iyul, Bağır Əliyev, AZƏRTAC
Koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda, o cümlədən taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrində riayət olunmasına nəzarət məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrində sürücü və sərnişinlərin tibbi maska ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Xüsusi karantin rejiminin qaydalarına əməl etməyən və sağlamlığına biganəlik nümayiş etdirərək tibbi maska ilə bağlı tələbləri pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.