REGİONLAR


Biləsuvarlı fermerlər tarlalarda ikinci kompleks becərmə işlərinə başlayıblar FOTO VİDEO

Biləsuvar, 6 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarlı pambıqçılar 2022-ci ili yüksək göstəricilərlə başa vurmağı hədəfləyiblər. Artıq sahələrdə müasir yeniliklər tətbiq olunmaqla ikinci kompleks becərmə işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu ilin aprel-may aylarında 7 min 500 hektar sahədə çiyid səpini həyata keçirən biləsuvarlı fermerlər, hazırda tarlalarda ikinci kompleks becərmə işlərinə başlayıblar. Fermerlərin əkdiyi pambıq sahələri rayonda fəaliyyət göstərən üç tədarükçü şirkətlə bağlanmış müqavilə əsasında becərilir. Sahələrdə əsasən Türkiyədən gətirilmiş yüksək məhsuldar pambıq sortları əkilib. Bu sortların özəllikləri zərərvericilərə qarşı davamlılığı, eləcə də, becərmə prosesində suya tələbatının az olmasıdır.

Uzun illər pambıq əkini ilə məşğul olan fermerlərdən biri rayon sakini Füzuli Təhməzovdur. Tarlada artıq iki dəfə kultivasiya işi apardığını deyən fermer hazırda alağın qarşısının alınması üçün rotorlu kultivasiya işlərinin görüldüyünü bildirib. Əvvəlki illərdə 35-40 sentner məhsul götürdüyünü söyləyən F.Təhməzov qeyd edib ki, sahələrdə olan məhsuldarlıq bu il də 35-40 sentner məhsul götürüləcəyinə əsas verir.

Cərgə arası becərmə prosesində diqqət çəkən yeniliklərdən biri də rotorlu kultivatorların tətbiqidir. Bunun ən önəmli üstünlüyü doğrayıcı xüsusiyyətinin olmasıdır. Ənənəvi kultivatorlarda alaq bitkilərinə nəzarət edilməsə, bəzən bütün sıranı məhv edə bilir. Lakin rotorlu kultivatorlarda alaqlar doğranır, torpağın tərkibində yaşıl gübrələmə kimi əhəmiyyətli vəzifəni yerinə yetirir.

Aqronom Nəbi Ağayev bildirib ki, hər il pambıq sahələrində yeniliklərdən istifadə edilir. “Fermerlər bu yeniliklərin əhəmiyyətini, faydasını özləri də görürlər. Bu il 1500 hektar əkin sahəmiz var. Yüksəkkeyfiyyətli əkinlə yanaşı, sahələrdəki məhsuldarlıq da yaxşı olacaq”, - deyə aqronom qeyd edib.

Hazırda ikinci becərmə işləri ilə yanaşı, mütəxəssislər tərəfindən hər gün pambıq tarlalarında müşahidələr aparılır. Bitkilərdə aşkarlanmış ziyanverici və həşəratlara qarşı kompleks mübarizə tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.