ELM VƏ TƏHSİL
Bilik Fondunda məşhur rus şairi Yevgeni Yevtuşenkonun xatirəsi anılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində məşhur rus şairi Yevgeni Yevtuşenkoya həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, “Sodrujestvo” Cəmiyyətində keçirilən tədbirdə fondun Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri də iştirak ediblər.
Bilik Fondunun lektorlar qrupunun üzvü, Əməkdar Mədəniyyət İşçisi Rafiq Kəşanlının Y.Yevtuşenkonun yaradıcılığına həsr etdiyi mühazirəni iştirakçılar böyük maraqla qarsalayıblar. Mühazirəçi ötən əsrin ikinci yarısında ən məhsuldar və ən çox oxunan rus şairinin iyirmi poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifi olduğunu xatırladıb. Onun sözlərinə görə, ötən əsrin 50-ci illərində şairin "Entuziastlar şosesi" şeirlər toplusu və "Qış stansiyası" poeması işıq üzü görüb, 60-cı illərin əvvəllərində artıq "Babiy yar" ilə ölkə xaricinə çıxan şair insanların qəlbində elə bir taxt qurub ki, ölümündən sonra da təəssüf hissi ilə xatırlanır.
“Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri şairin şeirlərindən nümunələr söyləyiblər. Mühazirəçi R.Kəşanlı tədbir iştirakçılarının çox sayda suallarını cavablandırıb.